Bugun.TV xəbər verir ki, ABŞ prezidenti Donald Trumpa məxsus olan “Trump Media and Technology Group” şirkəti 2026-cı ilin ilk rübündə 405 milyon dollardan çox xalis zərər etdiyini açıqlayıb. Şirkətin gəlirlərinin aşağı səviyyədə qalması və səhmlərinin dəyərinin kəskin enməsi diqqət çəkib.
Şirkətin maliyyə hesabatına əsasən, ilk rübdə əldə olunan xalis satış gəliri cəmi 871 min dollar olub.
Məlumata görə, böyük maliyyə itkisinin əsas səbəbləri rəqəmsal aktivlərin dəyərdən düşməsi, faiz xərcləri və səhmlərə əsaslanan ödənişlər olub. Açıqlamada bildirilib ki, təxminən 368,7 milyon dollarlıq zərər rəqəmsal aktivlərlə bağlı yaranıb. Bundan əlavə, faiz xərcləri 11,5 milyon dollar, səhmlə ödəniş xərcləri isə 11,8 milyon dollar təşkil edib.
Şirkət bütün bunlara baxmayaraq, ümumi aktivlərinin 2,2 milyard dollar səviyyəsində olduğunu və ardıcıl dördüncü rübdə müsbət əməliyyat pul axını əldə etdiyini açıqlayıb.
“Trump Media” səhmləri hazırda 9 dollardan aşağı qiymətlə ticarət olunur. Şirkət səhmləri ilin əvvəlindən etibarən dəyər itirib və 2022-ci ildə qeydə alınan pik səviyyədən təxminən 10 dəfə aşağı düşüb.
Maliyyə göstəricilərinə əsasən, şirkətin zərərləri son illərdə sürətlə artıb. Belə ki, 2023-cü ildə 58,2 milyon dollar olan xalis zərər 2024-cü ildə 400 milyon dolları keçib. 2025-ci ildə isə itkilərin 712 milyon dolları aşdığı bildirilib.
Şirkətdə yaxın zamanda rəhbərlik dəyişikliyi də baş verib. Uzun müddət CEO vəzifəsini icra edən keçmiş respublikaçı konqresmen Devin Nunes ötən ay vəzifəsindən uzaqlaşdırılıb.
Şirkət son dövrlərdə investor marağını artırmaq məqsədilə müxtəlif sahələrə investisiya yatırmağa çalışır. Bu çərçivədə şirkət ötən ilin dekabr ayında “TAE Technologies” ilə 6 milyard dollardan çox dəyərində səhm əsaslı birləşmə müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin 2026-cı ilin ortalarında tamamlanması gözlənilir.
Bundan başqa, “Truth Social” platforması üzərindən proqnoz bazarı xidməti təqdim etmək planlaşdırılır. ABŞ mediasının məlumatına görə, şirkət “Truth Social” şəbəkəsini ayrıca şirkət strukturuna çevirmək variantını da nəzərdən keçirir.
Mənbə: Trt.haber
