Bugun.tv xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında 50-dən çox ailə evsiz qalmaq təhlükəsi yaşayır.
Bu yataqxanada, sadəcə sakinlər deyil, talelər yaşayır – azyaşlı uşaqlar, ahıl insanlar, əlillər, tənha qadınlar, şəhid ailələri, əlilliyə görə təqaüdə çıxmış hərbi qulluqçular və yaşa görə təqaüd alan mülki şəxslər…
İllərdir bu binada məskunlaşan sakinlər bildirirlər ki, şərait ürəkaçan olmasa da, alternativ yaşayış yerləri yoxdur. Onlar üçün bu otaqlar sadəcə dörd divar deyil, həyatlarının yeganə sığınacağıdır. İndi isə həmin sığınacaq da əllərindən alınmaq üzrədir.
“Bu gün” televiziyasının əməkdaşları şikayətçilərlə görüşüb, onlarla həmsöhbət olub. Vaxtilə Vətən naminə xidmət edən, ön cəbhədə dayanan hərbçilər bu gün yaşayış hüquqları uğrunda mübarizə aparmalı olurlar. Düşdükləri bu vəziyyət onları narahat edir. Əlaqədar qurumlardan ədalətli qərar gözləyirlər.
Şikayətçi Mehparə Məmmədovanın sözlərinə görə, 15 ildir ki, burada yaşayır. İndi evindən çıxmaq məcburiyyəti ilə üz-üzə qalıb. “Aldığım kirayə haqqı ilə mən başqa yerdə kirayədə qala bilmərəm. Çünki evlər çox bahadı. Gücüm çatmır. Hara gedim, necə edim, bilmirəm?”, – deyir.
Digər sakinlərin sözlərinə görə, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən onlara qarşı məhkəmə iddiaları qaldırılıb. Şikayətçilər bu iddiaların qanunsuz olduğunu bildirir və məhkəmə qərarlarının sosial ədalət prinsipi ilə ziddiyyət təşkil etdiyini deyirlər. Onların fikrincə, illərlə burada yaşayıb qeydiyyatda olan insanların birdən-birə “qanunsuz sakin” elan edilməsi hüquqi və mənəvi baxımdan qəbulolunmazdır.
Şikayətçi Sevinc Behbudovanın sözlərinə görə, o da 2005-ci ildən bu evdə yaşayır. Yoldaşı gözdən əlildir. Hərbi təqaüdçüdür. “Prezident qərarı verib, gözdən əlillər evlə təmin olunmalıdır. 20 ildi yaşayıram. İndi hara gedək? Nə edək?”
Sakinlər deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində real addım atılmayıb. Onların sözlərinə görə, məhkəmə instansiyaları məsələyə formal yanaşıb və sosial vəziyyət nəzərə alınmadan qərarlar qəbul edilib. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər və azyaşlı uşaqlar üçün ciddi sosial təhlükə yaradır. Çünki verilən cüzi kirayə kompensasiyası ilə paytaxtda ev tapmaq faktiki olaraq mümkünsüzdür.
Ümidsizliyə qapılan sakinlər çıxış yolunu ölkə rəhbərliyinə müraciətdə görürlər. Onlar hesab edirlər ki, məsələyə ali səviyyədə müdaxilə olunarsa, ədalətli və humanist qərar qəbul edilə bilər.
Hazırda “Turan” hərbi yataqxanasında yaşayan ailələr üçün əsas sual dəyişməz qalır: illərlə sığındıqları bu məkan əllərindən alınarsa, onlar hara üz tutacaqlar?
Bu məsələ təkcə bir binanın taleyi deyil – bu, sosial ədalət, dövlət-vətəndaş münasibətləri və xüsusilə hərbi qulluqçulara, mülki işçilərə münasibətin göstəricisidir.
Mövzuya yenidən qayıdacağıq.
