Arzuman Azaflı və Gülçöhrə Sunqur Türkiyədə fəaliyyət göstərən Azərbaycan evinin qurucularıdır.
Bugün.tv-nin xüsusi müxbiri Mehriban Bəylərqızı onlarla həmsöhbət olub. Arzuman Azaflı 1992-ci ildə Azərbaycandan qardaş ölkəyə gedən ilk tələbələrdəndir. O, İstanbul universitetini bitirib. Hazırda isə Ankarada vəkillik fəaliyyəti ilə məşğuldur. Arzuman Azaflı və Gülçöhrə Sanqu Türk dünyası, xüsusilə Azərbaycan üçün bir sıra mühüm işlərə imza atıblar.
Onların açdığı Türk dünyası evinin tərkibində Azərbaycan evi fəaliyyət göstərir. Azərbaycan evində musiqi kursları, rəsm sərgiləri, kitabxanalar, Azərbaycan mətbəxinin təqdimatı, bir sözlə ölkəmizin mədəniyyətini nümayiş etdirən bir sıra sahələr fəaliyyət göstərir. Arzuman bəy deyir: “Hər ayın ilk cümə günü burda Azərbaycan günləri düzənliyirik. Belə günlərdə iştirak edən azərbaycanlı və türklər arasında möhkəm əlaqə və fikir mübadiləsi yaranır.
Həmçinin dərnəyimizin fəaliyyət istiqamətlərindən biri ehtiyac sahibi tələbələrə burs verməkdir”.
Gülçöhrə Sanqu öz növbəsində qeyd edir ki, Azərbaycan evi olaraq onların təsis etdiyi dərnəkdə professional Azərbaycan xalq rəqslər öyrədilir. Gənclərimizi mədəniyyətimizi öyrənməyə və təbliğ etməyə dəvət edirik. Burda iki qardaş ölkənin gənclərinin dostluq mübasibətləri uşaq yaşlarından başlayır. Biz onların həyatlarını sağlam düşüncə və mənəvi dəyərlər üzərində qurmaqlarını istəyirik. Mənəvi dəyərlərimizə sahib çıxmaq və onları qorumaq məcburiyyətindəyik. Bu baxımdan türk dünyası ilə bağlı layihələri olan vətəndaşlarımız bunu dərnəyimizdə gerçəkləşdirə bilərlər.
Sonda Arzuman bəy tezliklə Azərbaycan və türk məktəbləri ilə birgə layihələrə imza atacaqlarını da bildirdi.
Biz də, Bugün.tv ailəsi olaraq “bir millət iki dövlət” prinsipinə sadiq qalan həmvətənlərimizə işlərində uğurlar arzulayırıq.