Bugün.tv Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, işgüzar səfəri davam edən Türkiyənin səhiyyə naziri Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduğunu bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti vurğulayıb. Fakrettin Koca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən uzun illər Ermənistanın işğalı atında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin azad edilməsindən böyük sevinc və qürur hissi keçirdiyini qeyd edib.
Qeyd edək ki, Qonaqların Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Onlara şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat verilib.
Daha sonra Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Şuşa qalası, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar cümə namazı qılıblar. Vətən şəhidlərinin ruhlarına rəhmət dilənib və dualar oxunub.
Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti iki günlük Azərbaycanda rəsmi səfərdə oldu.