Dünya tarixinin ən mühüm əlyazmalarından biri Harvard Universitetinin kitabxanasındadır. Çox ucuz qiymətə alınan və 1940-cı illərdən bəri nüsxə kimi qəbul edilən bu qiymətsiz sənəd haqqında həqiqət nəhayət üzə çıxdı.
İkinci Dünya Müharibəsindən sonra 27,50 dollara alınmış, solğun, su ilə ləkələnmiş əlyazma 1946-cı ildən bəri Harvard Hüquq Məktəbinin kitabxanasında diqqətdən kənarda qalmışdı. Lakin bu, tezliklə dəyişəcək.
İki britaniyalı tarixçi latın dilində “Böyük Azadlıqlar Xartiyası” mənasını verən Magna Carta Libertatumun (qısaca Magna Carta) sonrakı nüsxəsi olduğu düşünülən bu ləkələnmiş əlyazmanın qiymətsiz bir orijinal olduğunu ortaya qoyub. Sözügedən sənəd dünyaya məlum olan yeddinci orijinal Magna Carta idi.
İLK 1215-ci ildə yazılmışdır
Fərdlərin hüquq və azadlıqlarını qoruyan ilk sənəd kimi tarixə düşən Magna Carta, 1215-ci ildə Kanterberi arxiyepiskopu kardinal Stiven Lenqton tərəfindən yazılmışdır. Kardinal Lenqton tərəfindən “Pis Kral” kimi tanınan Kral Con ilə üsyançı baronlar arasında sülhə vasitəçilik etmək üçün yazılmış bu sənəd nəhayət, bütün dünya üçün bir mətnə çevrilmişdir. Magna Carta-nın ilk versiyası sonradan etibarsız hesab edilsə də, Kral Conun oğlu III Henri yenidən işlənmiş versiyaları qəbul etdi, sonuncusu 1225-ci ildə nəşr olundu. Henrinin oğlu Kral I Edvard 1297-ci ildə və nəhayət 1300-cü ildə yenidən 1225-ci versiyanı qəbul etdi.
Magna Carta-nın bir çox maddələri, o cümlədən ibadət hüququnun qorunması, vergilərin məhdudlaşdırılması və ədalət mühakiməsinin qərəzsizliyi bu gün İngiltərədə və bir çox başqa ölkələrdə ədalətli həbs və məhkəmə hüququ da daxil olmaqla qanunun bir hissəsi olaraq qalır.
The Telegraph qəzetinin yazdığına görə, Magna Carta-nın qəti versiyasının sağ qalmış altı nüsxəsi var və Harvardın 1946-cı ildə Sotheby’s hərracında aldığı sənədin qeyri-rəsmi surəti olduğu düşünülür. Həqiqətən də, Sotheby’s auksion kataloqunda “nüsxə 1327-ci ildə (yanlış tarix) yazılmışdır, qismən silinmiş və nəmdən ləkələnmişdir” deyilirdi.
Bununla belə, London Kral Kolleci və Şərqi İngiltərə Universitetinin tədqiqatçıları tərəfindən aparılan təhlil nəticəsində məlum olub ki, sənəddəki əl yazısı, hərf ölçüləri və genişləndirmələr orijinal sənədlə uyğundur.
Əlyazmanın dəqiq dəyərini təxmin etmək mümkün deyil. Bununla belə, demək olar ki, 1946-cı ildəki 27,50 dollar (bugünkü iqtisadiyyatda təxminən 500 dollara bərabərdir) sənədin real dəyərinə belə yaxın deyil. Həqiqətən, Magna Carta-nın 710 il əvvələ aid başqa bir orijinal nüsxəsi 2007-ci ildə hərraca çıxarılarkən 21,3 milyon dollara satıldı”.
Doktor David Carpenter 2023-cü ilin dekabrında Harvardda sənədə təsadüfən rast gəldiyini ifadə edərək, “Həyatım boyu Magna Carta kəşf edəcəyimi heç gözləmirdim” deyib.
“Bu, qeyri-adi kəşfdir” deyə Karpenter bildirib. “Harvard Magna Carta solğun, ləkələnmiş bir nüsxə deyil. Bu, konstitusiya tarixinin ən mühüm sənədlərindən biri, keçmiş, indi və gələcək azadlıqların təməl daşıdır. Və buna görə də qeyd olunmağa layiqdir.”
Şərqi İngiltərə Universitetində orta əsrlər tarixi professoru. Doktor Nicholas Vincent də sənədin Harvard Universitetinin Tramp administrasiyasının təzyiq hədəfi olduğu bir vaxtda tapılmasının əhəmiyyətli olduğuna diqqət çəkərək, “Bu halda birbaşa dövlətin hücumu altında olan bir qurumdan söhbət gedir. Hətta deyə bilərik ki, sənədin belə bir zamanda ortaya çıxması qismət olub”.
Mənbə: HurriYet