Bugun.tv xəbər verir ki, Ukrayna hava qüvvələrini gücləndirmək məqsədilə İsveç ilə genişmiqyaslı hərbi əməkdaşlıq sazişi imzalayıb. Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson tərəfindən açıqlanan razılaşmaya əsasən, ümumi dəyəri 2,7 milyard dollar olan müdafiə paketi həyata keçiriləcək.
Məlumata görə, sazişin ilk mərhələsində İsveç öz hərbi inventarındakı 16 ədəd JAS 39 Gripen C/D tipli döyüş təyyarəsini Ukraynaya hədiyyə edəcək. Bu təyyarələrin 2027-ci ildən etibarən Ukrayna hava məkanında aktiv istifadəyə verilməsi planlaşdırılır.
Razılaşmanın ikinci mərhələsində isə Ukrayna İsveçin Saab şirkətindən 20 ədəd yeni nəsil Gripen E/F döyüş təyyarəsi satın alacaq. Yeni təyyarələrin tədarükünün 2030-cu ildən əvvəl başlanacağı bildirilir.
Bundan əlavə, Ukraynalı pilotların artıq İsveçdə təlimlərə başladığı qeyd olunur. Müdafiə paketinə həmçinin IRIS-T, AIM-120 AMRAAM və Meteor tipli hava-hava raketləri, eləcə də elektron müharibə sistemləri daxildir.
Mənbə: İLKHA
