Bugun.tv xəbər verir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə xüsusi yer tutur.
1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev uzun illər ərzində həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.
1993-cü ildə ölkədə baş verən mürəkkəb siyasi şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıb. Onun rəhbərliyi dövründə ölkədə hüquqi dövlət quruculuğunun əsası qoyulub, iqtisadi islahatlara başlanılıb və Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib.
Ulu öndərin adı xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə bağlı tez-tez xatırlanır. Bu sənəd Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı hesab olunur və ölkənin uzunmüddətli iqtisadi inkişafına mühüm təkan verib.
Bu gün də Heydər Əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan idarəçilik prinsipləri onun siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və ölkənin inkişaf yolunda əsas dayaqlardan biri kimi qiymətləndirilir.
