10 C
Baku
12 Dekabr 2024, 17:54
Baş xəbər

“Ümummilli Lider daim dövlət dili uğrunda mübarizə aparıb”

“27 aprel dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il  Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” əlavəsinin edildiyi gündür. Məhz, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra doğma dilimizin istifadəsində və inkişafında yeni mərhələ başladı”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

“Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: “Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəyə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə əlavənin edilməsi o dövr üçün çox cəsarətli addım idi. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu”,- Jalə Əhmədova qeyd edib.

“Daim dövlət dili uğrunda mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən də dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bununla yanaşı, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına  əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu isə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Bu qanun həm də dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir və onu qoruyur”,- deputat vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İki avtomobilin toqquşması nəticəsində 5 nəfər yaralandı

Bugün TV

Azərbaycan Ordusunun iki hərbçisi şəhid oldu

Nigar Məmmədova

7 min makaron ələ keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu