Kinorejissor Faiq Nağıyev Bugun.tv-yə Azərbaycanda uşaqlar üçün yeni kinoların olmamasından danışıb. Onun sözlərinə görə, kino sahəsində uşaq aktyor, aktrisanın olmaması bu sahənin inkişafını çətinləşdirir. “1990-cı illərdən bəri uşaq filmləri çəkilmir. Ən son “Asif, Vasif, Ağasif” , “Şir evdən getdi” filmləridir. Bu səbəbdən Azərbaycanda uşaq oyunçuluğu yoxdur. Uşaqlar kastinqə gələndə müşahidə edirəm ki, obrazı canlandırmaqda, diksiyalarında ciddi problemlər var”.
Faiq Nağıyev müasir dövrün uşaq bədii filminin inkişafı üçün görüləcək planlarından da söz açıb. “Azərbaycanda müasir dövrün uşaq bədii filmləri çəkməyi planlaşdırıram. Artıq bununla bağlı “Uşaqlığın son yayı” , “Ölənə qədər” ssenariləri hazırdır. Hər ikisi ağır uşaq dramıdır”.
“Uşaqlığın son yayı”nin ssenarisində azyaşlı bir qızdan söhbət gedir. “Ölənə qədər” əsərində isə üç fərqli ailənin uşaqlarının kimsəsizlər evinə düşməsi, uşaq evində yaşadıqları çətinliklərdən bəhs olunur. Filmin sonunda onların kimliyinə aydınlıq gətirilir.
Kinorejissor istedadlı uşaqlar yetişdirmək üçün yeni tədris kursu təşkil etdiyini də bildirib. “Ofisimizdə uşaqlar üçün kurs fəaliyyət göstərir – “FS film 2”qəbul edirik. Bir ay dərs keçirik. Öyrətdiyimizi mənimsəyib bir nəticə verirmirsə, o uşağı dəyişdirməli oluruq. Valideynlərə də əziyyət vermirik. Onlara uşaqlarını başqa sahədə inkişaf etdirməsini məsləhət görürük”.