Pulu düzgün xərcləməyi uşaqlıqdan öyrənməliyik. Bunun üçün uşaqlara cib xərcliyini nə vaxtdan verməliyik, onlara düzgün pul xərcləməyi necə aşılmalıyıq? Mütəxəssislərin fikrincə, onlara pulu yalnız xərcləyəcəkləri qədər vermək lazımdır.
Bugun.tv-yə bu barədə danışan psixoloq Rafiq Allahverdiyev deyir ki, 6 yaşa qədər uşağa yalnız alacağı qidanın qalığın qalmaması şərtilə verilməlidir. “12 yaşdan yuxarı uşaqların tələbatını təmin etmək – qida və yaxud marşrut, qida və yaxud qələm, digər bir şeylər üçün xərclik verilməlidir. Amma artıq vermək doğru deyil. Bu uşaqlarda tədricən pul xərcləmək və saxlamaq, pulu idarə etmək təcrübəsi yaradır.
Uşaq hüquqları üzrə ekspert Fariz Əkbərov Bugun.tv-yə açıqlamasında deyir ki, valideyn övladına verdiyi pulun hara və nə üçün xərcləndiyinə diqqət yetirməli, qalığı geri qaytarmasını tələb etməlidir. “Uşağa pul verib və onu xərclədikdə qalığı geri qaytarılması məsələsi var ki, hansı ki, 2 manat verilən puldan məsələn, 1 manat 50 qəpik xərclənib. Bu zaman 50 qəpiyi uşaqdan soruşub geri qaytarılmasını tələb etməlidir. Çünki uşaq anlamalıdır ki, bu məsuliyyətdir. O xərclənən pulun hesabatını verməlidir. Bu da tədricən uşaqda vərdişə çevriləcək və götürdüyü pulla bağlı valideyninə özü hesabat verəcək. Araşdırmalar göstərir ki, belə uşaqlar gələcəkdə də pulu düzgün yerə xərcləməyi bacarırlar”.
Çox vaxt valideyinlər, xüsusən də, nənə-babalar uşaqlara xüsusi günlərdə xeyli məbləğdə pul verirlər. Rafiq Allahverdiyev bunun düzgün olmadığını deyir. “Çünki bu nənə-baba tərəfindən pul mükafatlandırılması həmin yaş dövründə, yəni 7 və 12 yaşa qədər olan uşaqlarda manipulyativ davranış əmələ gətirir. Bəzən onların sevərək verdiyi pulu uşaqlar yenidən almaq üçün yalanlar uydururlar. Bu da onlarda manevr etmək təcrübəsi əmələ gətirir. Belə hallar olarsa nənənin babanın uşağa veridyi pulu valideyn uşaqdan alıb “sənindir” deyib götürüb saxlamalıdır. Və ona veriləcək növbəti pulu “nənə verdiyi puldan verirəm” deməlidir. Uşaq hiss etməlidir ki, mənim olan pulumdan mənə veririlər. Artıq vermirlər”.
Odur ki, pulu doğru qazanmağı, idarə etməyi və doğru yerə xərcləməyi vaxtında öyrənək. Çünki zaman pul deyil, onu geri qaytarmaq olmur.