Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Azərbaycan Uşaqları İctimai Birliyi və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə keçirilən “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirədə iştirakı ilə bağlı paylaşım edib.
Deputat paylaşımında bildirib ki, rəqəmsal dövrdə uşaqların psixoloji, sosial və mənəvi təhlükəsizliyinin qorunması kompleks və sistemli yanaşma tələb edir. Onun sözlərinə görə, bu prosesdə dövlət, cəmiyyət və ailə arasında möhkəm əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Ceyhun Məmmədov qeyd edib ki, uşaqların texnologiyadan düzgün və faydalı şəkildə istifadə etməsi üçün maarifləndirici proqramların genişləndirilməsi, ailədaxili təlimlərin təşkili və məktəb səviyyəsində psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir.
Paylaşımda o da vurğulanıb ki, uşaqların ekran qarşısında keçirdiyi vaxtın nəzarətsiz qalması təkcə fiziki və psixoloji sağlamlığa deyil, eyni zamanda onların sosial davranışlarına və dünyagörüşünə ciddi təsir göstərir. Bu baxımdan ailələr, müəllimlər və ictimai institutlar arasında koordinasiyalı əməkdaşlıq zəruridir.
Deputatın fikrincə, cəmiyyət olaraq əsas məqsəd uşaqların texnologiyanın əsiri deyil, onun yaradıcı və şüurlu istifadəçiləri kimi yetişməsini təmin etməkdir. O, bu cür ictimai müzakirələrin uşaqların müdafiəsi, təhlükəsiz gələcəyin qurulması və milli dəyərlər üzərində sağlam nəslin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
