“Biz eşşəklər üçün bir çox məsələlər qaranlıq qalıb. Niyə adəm övladı meymun görəndə gülümsəyir, eşşək görəndə qaş-qabağın sallayır? Niyə adəm övladı pis adam görəndə biz eşşəklərə oxşadır? Biri sərxoş olanda ona deyirlər ki, eşşək kimi içmisən. Halbuki, biz eşşəklərin dilinə heç vaxt spirtli içki dəyməyib.
Bir yekəpər adəm övladı görəndə eşşək boydadır deyirsiz. Eşşəkdən də böyük heyvanlar var. Niyə demirsiz dəvə boydadır? Qorxursuz ki, dəvə üzünüzə tüpürər?
Biri çox yeyəndə, ona deyirlər ki, eşşək kimi yemisən. Biz eşşəklər heç vaxt normamızdan artıq yemirik. Əgər biz də sizin kimi normamızdan artıq yesəydik, artıq çəkidən əzab çəkərdik, diyetaya oturardıq, o da kömək etməyəndə plastik əməliyyat etdirərdik.
Biri oturmağını, durmağını, danışmağını bilməyəndə ona deyirsiz ki, eşşəklik eləmə. Biz eşşəklər heç zaman vaxtsız anqırmarıq, harda gəldi şıllaq atmarıq.
Futbolçu boş qapıya topu vura bilməyəndə, hakim penalti verməyəndə bütün stadion nədənsə bizim adımızı çəkir. Axı bizim günahımız nədir ki, adəm övladı öz işinin öhdəsindən gələ bilmir?
Biz eşşəklərin də hərdən-bir səhvləri olur. Səhvsiz canlı yoxdur. Atlar bizlərdən bəzilərini yoldan çıxartdı, nəticədə dünyaya qatır gəldi. Biz eşşəklər bunun üçün hələ də xəcalət çəkirik.
Biz eşşəklərin siz adəm övladlarından fərqimiz odur ki, eşşəklər erkək erkəklə, dişi dişilə yaxınlıq etməz, uyuşdurucu otlar yeməz.
Biz eşşəklər də dünyaya bala gətiririk. Balalarımızı südlə böyüdürük. Südümüz min bir dərdin dərmanıdır. Adəm övladından fərqli olaraq onlara süni yeməklər vermirik, fiquramızın yox, balamızın qayğısına qalırıq.
Biz eşşəklər adəm övladı kimi moda dalınca qaçmırıq. Bir gün yaxanızı açırsız, sabahı göbəyinizi bayırda qoyursuz. Bu sözlərdən sonra modelyerlər deyəcəklər ki, eşşək nə bilir moda nədir?!
Adəm övladı tez-tez bir-birlərinə deyirlər: eşşək kimi bir şeysən, səni ya dalına mindir, ya dalına min. Biz eşşəklər bu günə kimi heç kimi minməmişik. Amma əksinə bizə minirlər.
Heyvanlar arasında gözəllik müsabiqəsi keçirilsəydi, biz ceyrandan, maraldan sonra birinci olardıq. Göz desən bizdə, bel desən bizdə, dodaqlarımıza söz ola bilməz. Dodağımızın selikonu özümüzdəndir.
Adəm övladı tez-tez belə ifadə işlədir: Oxu bala, oxu, atan kimi eşşək olma. Niyə adəm övladı biz eşşəkləri savadsızlıq rəmzi kimi görür. Məgər başqa heyvanlar yazıb-oxuya bilirlər?!
Biz eşşəklər adəm övladından fərqli olaraq yerimizi bilirik. Biz heç vaxt gedib dəvədən, atdan qabaqda dayanmarıq. Biz bilirik ki, dəvənin dəvə yeri var, atın at yeri var, eşşəyin eşşək yeri.
Biz sizlərdən tez-tez eşidirik: Eşşək anqırar, tayın tapar. Bəli, anqırırıq tayımızı tapırıq. Xöşbəxt də yaşayırıq. Adəm övladı kimi bu gün evlənib, üç gündən sonra boşanmırıq.
Tez-tez deyirsiz: Eşşək kimi ağnama. Çimizdirən yox, qaşoğlayan yox, bəs biz eşşəklər ağnamayaq neynəyək?!
Biz eşşəklər adəm övladının bütün işlərinə yarıyırıq. Amma bizə qayğı göstərmirlər. Atın ayağına nal vurdururlar, hər gün qoşovlayırlar, dəvəni ayda bir dəfə yağlayırlar, it üçün nələr etmirlər, çimizdirirlər, saçını kəsdirirlər, yuva tikirlər, hətta paltar da tikdirirlər. Bizə çatanda döyəcləyirlər.
Siz deyirsiz adəmi adəm eləyən parədir, biz eşşəklər deyirik ki, eşşəyi eşşək edən zəhmətdir.
Adəm övladları tez-tez bir-birinə deyirlər: dünyaya eşşək gəlib, eşşək kimi də gedəcəksən. Dünyaya eşşək gəlib eşşək kimi getmək biz eşşəklər üçün fəxrdir. Dünyaya insan kimi gəlib, nadan kimi getmək bax bu qəbahətdir”.
Əhməd Orucoğlu