Norveç və Avstraliyadan olan alimlərin apardığı iki yeni beynəlxalq araşdırma göstərib ki, gündəlik vərdişlərdə minimal, lakin müntəzəm dəyişikliklər həyatın həm müddətini, həm də keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqatların nəticələri The Lancet və eClinicalMedicine elmi jurnallarında dərc olunub.
UfaTime.ru-nun yazdığına görə, norveçli alimlər minlərlə iştirakçının məlumatlarını təhlil edərək belə qənaətə gəliblər ki, gündə cəmi 5 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivliyin artırılması xeyli sayda ölüm halının qarşısını ala bilər. Onların hesablamalarına əsasən, bu yanaşma ən az aktiv insanlar arasında ölüm hallarının 6 faizinin, əgər ən aktiv şəxslər istisna olmaqla hamı tətbiq etsəydi, 10 faizə qədərinin qarşısını ala bilərdi.
Araşdırmada uzun müddət oturaq vəziyyətdə qalmağın azaldılmasının da böyük əhəmiyyət daşıdığı vurğulanır. Gün ərzində oturma vaxtının 30 dəqiqə azaldılması 3–7,3 faiz ölüm halının qarşısının alınması ilə əlaqələndirilir.
Avstraliyalı tədqiqatçılar isə məsələyə daha kompleks yanaşaraq yuxu, qidalanma və fiziki hərəkətin birgə təsirini araşdırıblar. Onların nəticələri göstərir ki, ciddi həyat tərzi dəyişikliyinə ehtiyac yoxdur. Belə ki, minimal, lakin eyni vaxtda edilən dəyişikliklər — yuxunun 5 dəqiqə artırılması, fiziki aktivliyin 1,9 dəqiqə çoxaldılması və qidalanma keyfiyyətinin 100 ballıq şkala üzrə 5 bal yaxşılaşdırılması — orta hesabla ömür uzunluğuna 1 il əlavə edə bilər.
Daha nəzərəçarpacaq, lakin hələ də real hesab edilən dəyişikliklər — yuxunun 24 dəqiqə artırılması, fiziki aktivliyin 3,7 dəqiqə çoxaldılması və qidalanma keyfiyyətinin 23 bal yaxşılaşdırılması — sağlam həyat müddətinin təxminən 4 il uzanması ilə əlaqələndirilir.
Qeyd edək ki, daha əvvəl 101 yaşlı çinli qadının uzunömürlülük sirləri ilə bağlı sadə məsləhətləri də oxucularla bölüşmüşdük.
Mənbə: mail.ru
