Məşhur rəssam Vinsent van Qoqun “Ulduzlu gecə” əsərində təsvir etdiyi səmanın 1889-cu il iyulun 22-nə aid ola biləcəyi irəli sürülüb. Yeni araşdırma əsərin yaranma tarixi ilə bağlı qəbul edilən ənənəvi yanaşmaya fərqli baxış gətirir.
Bugun.tv xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Cənubi Koreyalı tədqiqatçıların apardığı araşdırmaya əsasən, əsərdəki Ayın forması və ulduzların yerləşməsi həmin tarixdə Fransanın Sen-Remi-de-Provans bölgəsində, sübhə yaxın görünən səma ilə uyğunluq təşkil edə bilər.
Elijah Jeong-hyun Kimin rəhbərlik etdiyi araşdırma qrupu astronomik hesablamalardan, tarixi məlumatlardan və hava şəraiti qeydlərindən istifadə edib. Tədqiqatçılar xüsusilə Buğa bürcündə yerləşən Hiad ulduz topasını, Veneranı və Ayın formasını müqayisə ediblər.

Tədqiqatçılar arasında fikir ayrılığı var
İndiyədək əsərin əsasən 1889-cu ilin iyununda çəkildiyi qəbul edilirdi. Yeni araşdırma isə səmanın iyulun 22-də müşahidə olunmuş ola biləcəyini göstərir. Bununla belə, mütəxəssislər bu tarixin hələ qəti sübut edilmədiyini vurğulayırlar.
Fizik Xose Luis Araqonun fikrincə, Van Qoqun çəkdiyi mənzərə bir gecənin deyil, müxtəlif gecələrdəki müşahidələrin birləşməsi də ola bilər. Rəssam əsəri müşahidə etdiyi mənzərəni birbaşa köçürməklə deyil, eskizlər və yaddaşından istifadə edərək emalatxanada yaradıb.
Beləliklə, yeni araşdırma “Ulduzlu gecə” əsərinin yaranma tarixi ilə bağlı maraqlı ehtimal ortaya qoysa da, məsələ hələ tam aydınlaşmayıb.
Mənbə: Euronews
