Venesuela və Qayana neftlə zəngin Essekibo əyaləti ətrafında baş verən münaqişə zamanı hər hansı qarşılıqlı güc tətbiq olunmaması və gərginliyin artırılmaması barədə razılığa gəliblər.
Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Karib adası ölkəsi olan Sent-Vinsent və Qrenadində keçirilən görüşdə Venesuela Prezidenti Nikolas Maduro və onun qayanalı həmkarı İrfaan Əli verdikləri birgə bəyanatda “hər hansı şəraitdə qarşı tərəfi zorakılıqla təhdid etməmək və ya qarşı tərəfə güc tətbiq etməmək” və “danışıqlarda və ya əməli işdə yaranmış hər hansı ziddiyyətin və ya fikir ayrılığının gərginliyi artırmasına yol verməmək” niyyətlərini vurğulayıblar.
Bəyanatda deyilir ki, iki ölkə arasındakı mübahisələr beynəlxalq hüquqa müvafiq olaraq həll ediləcək. Açıqlamada Maduro hökumətinin BMT Beynəlxalq Məhkəməsini tanımadığı qeyd olunur. Hər iki tərəf üç ay sonra Braziliyada yenidən görüşmək barədə razılığa gəliblər.
Kinqstaun hava limanında keçirilən görüşdə N.Maduro “ərazi ilə bağlı fikir ayrılıqları barədə açıq danışmaq” imkanını alqışlayıb və ölkəsinin öz hüquqlarını qorumaq niyyətində olduğunu vurğulayıb. İ.Əli isə Venesuelanın tələblərinin yerinə yetirilməsinin imkansız olduğunu bildirib.
Onun sözlərinə görə, Qayana təcavüzkar deyil və müharibə istəmir, lakin müttəfiqləri ilə birlikdə müdafiə qabiliyyətini təmin etmək hüququnu özündə saxlayır. “Essekibo Qayana ərazisi olaraq qalmaqda davam edəcək”, – deyə o bildirib.
Kinqstaunda keçirilən görüşdə Karib Birliyinin, Braziliya hökumətinin, Latın Amerikası və Karib hövzəsi ölkələrinin (CELAC) icma nümayəndələri, həmçinin BMT müşahidəçiləri iştirak ediblər. Hər iki tərəf üç ay sonra Braziliyada yenidən görüşmək barədə razılaşıblar.
“El Nacional” nəşrinin yazdığına görə, Karakas və Corctaun “qarşılıqlı razılaşdırılmış məsələlərin həlli” üçün hər iki ölkənin xarici işlər nazirləri və texniki mütəxəssislərindən ibarət birgə komissiya yaratmağa qərar veriblər. Karakasa qayıtdıqdan sonra N. Maduro görüşün keçirildiyi günü “məhsuldar və gərgin” adlandırıb və danışıqlarda tərəflərin “həqiqəti söyləyə bilmək imkanına malik olduğunu” bildirib. Tərəf müqabilinə isə “səmimi və hərtərəfli dialoqa hazır olduğuna” görə təşəkkür edib və danışıqların nəticələrini diplomatiyanın zəfəri adlandırıb.
Dekabrın əvvəlində N. Maduro Venesuelada keçirilən Essekibo referendumundan sonra Qayana sərhədindən təxminən 100 km məsafədə yeni hərbi baza yaratmağı planlaşdırdığını açıqlayıb, bu müddət ərzində rəsmi nəticələrə görə, səs verənlərin 95 faizi bu bölgənin ilhaq edilməsinə razılığını bildirib.
Qayana öz ərazisinin bir hissəsini Venesuelaya verməkdən imtina edib, beynəlxalq sülhün və təhlükəsizliyin bərpa edilməsi üçün məhdudlaşdırıcı tədbirlərə və ya hərbi əməliyyatlara icazə verə biləcək BMT Nizamnaməsinin 41 və 42-ci maddələrindən istifadə etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazır olduğu ilə bağlı xəbərdarlıq mesajı yayıb. Dekabrın 6-da Venesuela öz ordusunu səfərbər edib. Bundan sonra N.Maduro Essekibonun Venesuelaya ilhaq edildiyini bəyan edən fərmanlar imzalayıb.
Venesuela 1811-ci ildə müstəqil dövlət olduğu vaxtdan bəri Essekibo ərazisinə iddia edir. Söhbət ümumi sahəsi 160 min kvadratmetr olan və Essekibo çayının qərbində yerləşən ərazidən gedir, bu sahə Qayana dövləti ərazisinin demək olar ki, dörddə üç hissəsini əhatə edir. Essekibo əsasən keçilməz cəngəlliklərdən ibarət olsa da, bu ərazidə böyük neft, qaz, qızıl və mis ehtiyatları var.
