Macarıstan Avropa İttifaqının (Aİ) büdcəsinə Ukraynaya əlavə yardım göstərmək üçün Avropa Komissiyası tərəfindən hazırlanmış düzəlişlərə qarşıdır.
Bugun.tv xəbər verir ki, bu barədə baş nazir Viktor Orban Avropa Şurasının sədri Çarlz Mişel, eləcə də Belçikadan olan həmkarları ilə məsləhətləşmələr zamanı deyib.
“Avropa Komissiyasının büdcəyə dəyişikliklərlə bağlı təklifi qeyri-ciddidir və bundan söhbət gedə bilməz. Brüsselin Ukraynaya daha 50 milyard avro dəyərində yardım göstərmək niyyətinə heç kim razı olmaz”, – Orban özünün Facebook səhifəsində yazıb.
Baş nazir Aİ-nin Ukraynaya göndərdiyi vəsaitlərin istifadəsi ilə bağlı məlumatın olmadığını qeyd edib. “Brüssel, əvvəlki birgə borclar üzrə faiz dərəcələrinin artması nəticəsində yaranan Aİ-nin büdcə kəsirinin ödənilməsi üçün üzv dövlətlərdən daha çox vəsait istəyir, lakin Macarıstan və Polşaya görə pulu saxlamağa davam edir”, – o vurğulayıb.
O, həmçinin hesab edir ki, Avropa İttifaqı gizli immiqrasiyanı dayandırmaq əvəzinə, qeyri-qanuni miqrantların Avropaya çıxarılması üçün yeni milyardlar ayırmaq istəyir.
Mənbə: TASS
