Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov rəsmi sosial media hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata bəyanatlarında iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusilə enerji və qeyri-neft sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Vüqar Bayramovun paylaşdığı məlumata görə, 2026-cı ilin ilk altı ayında Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 28 milyon 973 min ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycandan Qırğızıstana 25 milyon 572 min dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan Azərbaycana idxal isə 3 milyon 401 min dollar olub. Nəticədə Azərbaycan iki ölkə arasında ticarətdə 22,2 milyon dollarlıq müsbət saldoya malik olub.
Deputat bildirib ki, Azərbaycanın Qırğızıstana əsas ixrac məhsulları minik avtomobilləri, şəkər, tütün, nasos-kompressor boruları, lak və boya materialları, elektrik avadanlıqları və bitki yağlarıdır. Qırğızıstandan isə əsasən qabığı təmizlənmiş yunan qozu, makaron məmulatları, parça və digər məhsullar idxal edilir.
Vüqar Bayramov vurğulayıb ki, hazırda iki ölkə arasında ticarət əlaqələri çoxşaxəli olsa da, həm ticarət dövriyyəsinin həcminin artırılması, həm də idxal və ixrac məhsullarının çeşidinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Onun fikrincə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bu potensialın daha səmərəli reallaşdırılmasına mühüm töhfə verəcək.
