Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri sosial media hesabında paylaşıb.
Deputat qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında strateji və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin də sürətlə inkişafına şərait yaradıb. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb.
Vüqar Bayramov bildirib ki, 2023-cü ildə 178 milyon dollar olan ticarət dövriyyəsi 2024-cü ildə 252 milyon dollara, 2025-ci ildə isə 795 milyon dollara yüksəlib. Beləliklə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,2 dəfə artıb.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan Özbəkistandan 719 milyon dollar dəyərində məhsul idxal edib. O qeyd edib ki, Özbəkistan hazırda Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Həmçinin Özbəkistan Türk dövlətləri arasında Türkiyədən sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
Bayramov Prezidentin müsahibəsində qarşılıqlı sərmayələrin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti müxtəlif layihələri maliyyələşdirərək iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.
Deputat yüksək səviyyəli səfərlərin və iki ölkə liderləri arasındakı dostluq və qarşılıqlı etimadın Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
