Bugun.tv-xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Bakı Enerji Həftəsinin əhəmiyyətindən bəhs edən paylaşım edib.
Deputat sosial media hesabında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmilərini, ekspertləri və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirərək qlobal enerji məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Vüqar Bayramov qeyd edib ki, tədbir enerji sahəsində dövlət və özəl sektor əməkdaşlığının genişlənməsinə, yeni ideyaların formalaşmasına və perspektivli layihələrin müzakirəsinə imkan yaradır.
Deputatın sözlərinə görə, builki Bakı Enerji Həftəsinin əsas xüsusiyyətlərindən biri Azərbaycan və ABŞ arasında iqtisadi dialoqun təşkil olunmasıdır. O bildirib ki, ilk dəfə keçirilən bu dialoq iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına, Strateji Tərəfdaşlıq Xartiyasının praktik müstəvidə icrasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan-ABŞ iqtisadi dialoqu ölkəyə texnologiya və innovasiyaların transferini sürətləndirə, eyni zamanda iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verə bilər.
Deputat hesab edir ki, Bakı Enerji Həftəsi yalnız enerji sektorunda deyil, həm də yeni texnologiyaların, innovativ həllərin və dördüncü sənaye inqilabının nəticələrinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə tədbirin regional və qlobal miqyasda önəmini daha da artırır.
Paylaşımda qeyd olunub ki, Bakı Enerji Həftəsi Azərbaycanın enerji təhlükəsizliyi, enerji istehsalı və nəqli sahəsindəki potensialının beynəlxalq ictimaiyyətə təqdim olunması üçün də əlverişli imkan yaradır. Eyni zamanda tədbir çərçivəsində iqlim dəyişiklikləri, yaşıl enerji və dayanıqlı inkişaf kimi aktual mövzuların müzakirəsi nəzərdə tutulur.
Vüqar Bayramovun fikrincə, Bakı Enerji Həftəsi həm Azərbaycan, həm də tədbirdə iştirak edən beynəlxalq tərəfdaşlar üçün faydalı nəticələr və yeni əməkdaşlıq perspektivləri formalaşdıracaq.
