Bugun.tv-xəbər verir ki, Siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyanın Ermənistandakı səfirini geri çağırmasını iki ölkə arasında siyasi münasibətlərdə yaranan ciddi böhranın göstəricisi kimi qiymətləndirib.
Ekspert bu barədə sosial media hesabında paylaşım edərək bildirib ki, Rusiyanın son addımları və Avrasiya İttifaqının Ali Şurasının Ermənistanla bağlı qərarları qarşıdan gələn seçkilərə təsir göstərmək məqsədi daşıyır.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Moskva bununla Ermənistan seçicilərinə Nikol Paşinyana səs verəcəkləri təqdirdə ölkənin Rusiya ilə münasibətlərinin daha da pisləşəcəyi mesajını verməyə çalışır. O qeyd edib ki, Ermənistanın əsas ticarət tərəfdaşlarından biri Rusiyadır və bu ölkənin kənd təsərrüfatı məhsullarının böyük hissəsi məhz Rusiya bazarına ixrac olunur.
Siyasi ekspert hesab edir ki, Rusiya rəhbərliyi Ermənistan hakimiyyətinə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salıb. Onun fikrincə, Nikol Paşinyan bu təzyiqlərə müqavimət göstərir və Moskvanın siyasətinə qarşı açıq mövqe nümayiş etdirir.
Əsədullazadə bildirib ki, Kreml Paşinyanın növbəti seçki qələbəsindən sonra Azərbaycanla yekun sülh sazişinin imzalana və Türkiyə ilə sərhədlərin açıla biləcəyindən narahatdır. Ekspertin qənaətinə görə, belə bir ssenari Rusiyanın Cənubi Qafqazda uzun illər ərzində formalaşdırdığı geosiyasi status-kvonun dəyişməsinə səbəb ola bilər.
Siyasi ekspertin fikrincə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi ölkənin gələcəyini yeni müharibədə deyil, regional əməkdaşlıq və sabitlikdə görür.
