Bugun.tv-yə daxil olan məlumata görə, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında İranda baş verən savaşın Azərbaycan iqtisadiyyatına mümkün təsirləri ilə bağlı geniş təhlil paylaşıb.
Deputat bildirib ki, İranda baş verən hərbi qarşıdurma region dövlətləri üçün yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadi baxımdan da müəyyən risklər yarada bilər. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar olub. 2024-cü ildə bu göstərici 648 milyon dollar təşkil edib.
V.Bayramov qeyd edib ki, ümumi dövriyyənin böyük hissəsi İrandan idxalın payına düşür.
2025-ci ildə 644 milyon dollarlıq ticarət dövriyyəsinin 624 milyon dolları idxal, cəmi 20 milyon dolları isə Azərbaycanın İrana ixracı olub. Bu isə ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldonun formalaşdığını göstərir.
Deputat vurğulayıb ki, illər üzrə statistik təhlillər iki ölkə arasındakı ticarətdə İran idxalının dominant olduğunu təsdiqləyir.
Azərbaycanın ümumi ixracında İranın payı olduqca aşağıdır.
Bu baxımdan, İranla ticarətdə texniki çətinliklərin davam etməsi Azərbaycanın ixracına ciddi təsir göstərməyəcək. Lakin bu proses özünü daha çox İrandan idxalın azalmasında göstərə bilər.
Onun sözlərinə görə, Azərbaycan İrandan əsasən tikinti materialları, sənaye məhsulları və kənd təsərrüfatı məhsulları idxal edir. 2025-ci ildə İrandan portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida duzu (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal olunub.
Bununla yanaşı, idxalda əsas ağırlıq sənaye və tikinti məhsullarının payına düşüb. Belə ki, sözügedən dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları (20,1 milyon dollar), tikinti daşları (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxloritlər və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) idxal edilib.
Vüqar Bayramov bildirib ki, İrandan idxal edilən malların qiyməti nisbətən aşağı olduğundan alternativ bazarlara keçid müəyyən qiymət təzyiqləri yarada bilər. Xüsusilə ərzaq məhsulları üzrə idxalın daha qısa müddətdə diversifikasiyasına ehtiyac var.
Deputat əlavə edib ki, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində İranın payı cəmi 1,3 faizdir. 2025-ci ildə illik idxalın 2,6 faizi İranın hesabına formalaşıb. Bu baxımdan, İrandan idxalın azalması istehlak bazarında ümumi tarazlığa ciddi təsir göstərməsə də, bəzi məhsul qruplarında qısamüddətli çətinliklər yarana bilər.
V.Bayramov sonda vurğulayıb ki, xüsusən ərzaq məhsullarının qiymət artımının qarşısını almaq üçün alternativ bazarlardan daha operativ idxalın təşkili vacibdir. Onun fikrincə, regionda baş verən hadisələr fonunda idxal bazarlarının şaxələndirilməsi və xarici asılılığın minimumlaşdırılması prioritet istiqamət olaraq qalır.
