Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında Venesuela Prezidenti Nikolas Maduronun tutulmasının qlobal neft bazarına mümkün təsirlərini şərh edib.
Deputat bildirib ki, investorları düşündürən əsas sual bu hadisənin strateji məhsulların, xüsusilə də neftin qiymətinə necə təsir göstərəcəyidir. Onun sözlərinə görə, Venesuela zəngin neft ehtiyatlarına malik olsa da, hazırkı hasilat və ixrac göstəriciləri baxımından bazarda həlledici mövqeyə sahib deyil.
Vüqar Bayramov qeyd edib ki, beynəlxalq məlumatlara əsasən Venesuelanın gündəlik neft hasilatı təxminən 1,1 milyon barel civarındadır və bu göstərici ölkəni əsas istehsalçılar sırasında ön sıralara çıxarmır. Ümumilikdə isə qlobal neft hasilatının böyük hissəsi cəmi 10 ölkənin payına düşür.
Deputat diqqətə çatdırıb ki, Venesuela neft ixracında da ilk iyirmiliyə daxil deyil və dünya bazarına gündəlik ixracı 400 min bareldən bir qədər çoxdur. Bu vəziyyət ölkəyə tətbiq olunan sanksiyalarla əlaqələndirilir. Qlobal neft ixracında isə əsas pay Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ və digər iri istehsalçıların üzərinə düşür.
Bununla belə, Vüqar Bayramovun sözlərinə görə, investorlar üçün əsas məqam Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada birinci yerdə olmasıdır. Qlobal ehtiyatların təxminən beşdə biri bu ölkənin payına düşür. Deputat hesab edir ki, ehtimal olunan ssenarilərdən biri ABŞ və digər Qərb şirkətlərinin Venesuela neft sektorunda fəallaşmasıdır. Bu halda, orta müddətdə bazara böyük həcmdə neft daxil ola və təklifin artması qiymətlərə aşağı istiqamətli təzyiq göstərə bilər.
Bayramov vurğulayıb ki, bu ssenarinin reallaşması dərhal baş verməyəcək, çünki Venesuelanın neft infrastrukturu ciddi yenilənmə və zaman tələb edir.
Digər mümkün ssenari kimi ölkədə siyasi və iqtisadi qeyri-sabitliyin dərinləşməsini göstərən deputat qeyd edib ki, hətta bu halda belə Venesuelanın mövcud hasilat və ixrac həcmləri neft qiymətlərində kəskin artım yaratmaq gücündə deyil.
Nəticə olaraq, Vüqar Bayramov bildirib ki, qısa müddətdə ciddi dəyişikliklər gözlənilməsə də, orta müddətdə neft qiymətlərində azalma meyli qaçılmaz görünür. Bu isə neft gəlirlərindən asılılığın azaldılması və iqtisadiyyatın diversifikasiyasının daha da aktuallaşdığını göstərir.
