Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərini iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.
Deputat sosial media hesabında bildirib ki, səfər çərçivəsində əməkdaşlıq üzrə 12 sənədin imzalanması Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi və enerji sahələrində əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq. Onun sözlərinə görə, Türkmənistan liderinin Qarabağa səfəri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olması xüsusi əhəmiyyət daşıyır.
Vüqar Bayramov qeyd edib ki, tərəflər Xəzər dənizində yerləşən “Dostluq” neft-qaz yatağının birgə işlənməsi istiqamətində uğurlu əməkdaşlıq həyata keçirirlər. İqtisadçı yatağın təxminən 200 milyon ton neft və 100 milyard kubmetr təbii qaz ehtiyatına malik ola biləcəyini xatırladaraq, bunun hər iki ölkənin valyuta gəlirlərinin artmasına və geosiyasi mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Deputatın fikrincə, qarşılıqlı yüksək səviyyəli səfərlər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da dərinləşməsinə xidmət edir və türk dünyasının birliyini gücləndirir.
