Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklərə əsasən, qanunvericilikdə bir sıra terminlər yenilənib. Belə ki, “Audiovizual” ifadəsi bir çox maddələrdə “Media və Yayım” sözləri ilə əvəz olunub. Bununla yanaşı, əvvəl “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” kimi göstərilən səlahiyyətlər “Şura”ya həvalə edilib.
Qanuna əsasən, Media və Yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi Şura müəyyənləşdirilir. Şuranın fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına həyata keçiriləcək.
Dəyişikliklər Şuranın səlahiyyətlərini də genişləndirir. Yeni müddəalara əsasən, qurum media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, media layihələrinin təşkili, dezinformasiyaya qarşı mübarizə, Media Reyestrinin aparılması və jurnalist vəsiqələrinin verilməsi kimi funksiyaları həyata keçirəcək.
Bundan başqa, media subyektləri hər il dekabrın 30-dək təsisçiləri, iştirakçıları və idarəetmə orqanının rəhbəri barədə məlumatı Şuraya təqdim etməli olacaqlar.
Qanunda Şura rəhbərliyinin vəzifə maaşları da müəyyən edilib. Yeni qaydalara görə, Şura sədrinin aylıq vəzifə maaşı 12 min manat, sədr müavinlərinin maaşı 11 min manat, digər üzvlərin aylıq maaşı isə 9 min manat təşkil edəcək.
Sənədə əsasən, Media Reyestrinin aparılması, lisenziyaların verilməsi və ləğvi, media və yayım sahəsində normativ hüquqi aktlara nəzarət, sosial reklamların sifarişi, media sahəsində təhlillərin və sorğuların təşkili ilə bağlı müddəalar da yenilənib.
Qanun Prezident İlham Əliyev tərəfindən 14 iyul 2026-cı il tarixində imzalanıb.
Mənbə: prezident.az
