Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Qarabağın işğaldan azad edilməsindən sonra bölgədə iqtisadi inkişafla bağlı göstəriciləri açıqlayıb.
Vüqar Bayramov sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, sentyabr Azərbaycan tarixinə dövlət suverenliyinin tam bərpa olunduğu ay kimi daxil olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd edilir.
Deputat qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Qarabağda iqtisadi inkişaf və əhalinin reinteqrasiyası prosesi yeni mərhələyə keçib. Bayramovun məlumatına əsasən, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiyanın həcmi 5 milyard manatdan çox olub. Bunun 4,4 milyard manatı dövlət büdcəsindən ayrılıb.
İqtisadçı deputatın sözlərinə görə, Zəfərdən sonrakı 5 il ərzində Qarabağda illik ümumi məhsul istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək yüksəlib. O bildirib ki, bu dövrdə Qarabağ iqtisadiyyatında hər il artım qeydə alınıb.
Bayramovun hesablamalarına görə, həmin müddətdə sənaye istehsalı 2,8 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, tikinti sahəsi isə 3 dəfədən çox artıb. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı da 2020-ci illə müqayisədə təxminən iki dəfə artaraq 150-dən çox olub.
Deputat həmçinin pərakəndə ticarət dövriyyəsinin 960,3 milyon manatdan 1 milyard 553 milyon manatadək yüksəldiyini bildirib. Qarabağda fəaliyyət göstərən hotellərin sayı isə 2020-ci ildəki 11-dən 2024-cü ildə 18-ə çatıb. Bayramov qeyd edib ki, 2025-ci ildə də yeni hotellər istifadəyə verilib.
Onun sözlərinə görə, istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi də 68 127 kvadratmetrdən 98 795 kvadratmetrədək artıb.
Vüqar Bayramov hesab edir ki, vaxtilə böyük dağıntılara məruz qalmış Qarabağ hazırda yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub.
