Azərbaycanın Xalq artisti Ramiz Novruz dünyasını dəyişib.
Bugun.tv-yə bu barədə məlumatı aktyorun yaxınları bildiriblər.
Qeyd edək ki, Ramiz Novruz uzun müddət idi ki, mədə xərçəngindən müalicə olunurdu.
Vəziyyəti pisləşən Xalq artisti bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi və artıq dünəndən komada idi.
Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb. Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilib. R. Novruz öz pyesində Murad rolunda oynayıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!