Siyasət

Xristian klubunun növbəti məkri

Bugun.tv xəbər verir ki, “Avropa Şurasının ölkəmizə münasibətdə qərəzli mövqeyi, əslində, Avropanın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını bu gün də qəbul edə bilmədiyini bir daha göstərir. Avropa ölkələrinə Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin etmək üçün münaqişə lazım idi”.
Bu sözləri “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Azərbaycan münaqişəni aradan qaldırmaqla vəziyyəti tamam dəyişib. Bu da müxtəlif Avropa platformalarında, eyni zamanda ABŞ-də ölkəmizə qarşı siyasi diplomatik hücumları intensivləşdirib. AŞ PA tərəfindən Azərbaycana münasibətdə obyektiv mövqe sərgilənmədiyi hər zaman müşahidə edilirdi. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra isə ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması istiqamətində Avropa müstəvisində daha çox fəallaşma oldu. Bu gün Avropanın müxtəlif platformalarında xüsusilə Fransa və ona bənzər dövlətlərin təşəbbüsləri ilə Azərbaycana qarşı davamlı olaraq siyasi hücumlar edilir. Başlıca məqsəd isə yenə də Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasından ibarətdir.
Deputat qeyd edib ki, Ermənistan bu məsələdə alət kimi istifadə olunur və bu, region üçün çox ciddi təhlükələr yarada bilər. Çünki Ermənistanın Avropa, ABŞ qarşısında bir alət rolunda xidmətləri qarşılığında onun olduqca təhlükəli iddialarına dəstək nümayiş etdirilir. Hazırda bunu görməkdəyik. “Azərbaycan öz suveren ərazilərində antiterror tədbirləri həyata keçirərək separatizm kimi bəşəriyyəti daim ciddi təhlükə qarşısında saxlayan bir halı aradan qaldırdı. Ölkəmizin bu addımı, əslində, Avropa tərəfindən alqışlanmalı idi, amma biz bunun əksini görürük. Avropanın özü daim separatizmdən əziyyət çəkir, təhlükəsizliyi üçün çox ciddi təhdid yaranır. Bütün bunlara baxmayaraq, antiterror tədbirlərindən sonra Azərbaycana qarşı  siyasi hücumların genişləndiyini görürük. Bu həm də onun göstəricisidir ki, nə Avropa, nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində obyektiv vasitəçilik göstərə bilmirlər, çünki bu istəkdə deyillər”, – deyə o əlavə edib.
E.Mirbəşiroğlu bildirib ki, keçmiş münaqişə vəziyyətinin mövcudluğu dövründə də nə Avropa strukturları, nə də ABŞ tərəfindən məsələyə obyektiv yanaşıldığı görünüb. Bu gün Avropa İttifaqının Azərbaycandan enerji asılılığı böyükdür, məhz bunu nəzərə alaraq o, hələ “sərhədli” davranır.
Deputat hesab edir ki, enerji asılılığı olmasa, Avropa Azərbaycana qarşı daha aşkar qərəzli mövqe sərgiləyər. Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel heç bir əsas olmadan daim ölkəmizi ittiham edir. Onun sərgilədiyi mövqe isə təmsil etdiyi strukturun Azərbaycana qarşı aşkar qərəz mövqeyindən çıxış etdiyini göstərir. Borel və onun kimilərinin davranışları sübut edir ki, əgər Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati vacib əhəmiyyət kəsb etməsəydi, onda Avropa daha sərt, daha qərəzli mövqe sərgiləyərdi.
Onun sözlərinə görə, AŞ PA Azərbaycan səsinin dondurulması təşəbbüsünü dəstəklədiyi təqdirdə, bu, ölkəmizə mahiyyətcə heç bir mənfi təsir göstərməyəcək: “Sadəcə olaraq, gələcəkdə Avropa strukturlarının Ermənistanın daha aşkar şəkildə bir alət kimi istifadəsinə zəmin yarada bilər. Yəni bununla Ermənistan üzərindən növbəti manipulyasiyalar etməyə çalışacaqlar.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qərəz mövqeyi mahiyyət etibarilə bizi öz yolumuzdan heç bir halda döndərə bilməz. Biz öz maraqlarımızı daim qətiyyətlə müdafiə edəcəyik”.
E.Mirbəşiroğlu bildirib ki, Avropa Azərbaycan kimi etibarlı və vacib tərəfdaşı itirməkdən çəkinməlidir. Bizim olduqca səmimi tərəfdaşlarımız var və haqlı mövqelərimizə çox böyük hörmətlə yanaşılan platformalar mövcuddur. Bu çərçivədə Azərbaycanın rolu və mövqeyi kifayət qədər təsirli və qəbulolunandır.
Bu baxımdan deputat hesab edir ki, Avropa strukturları heç bir işlərinə yaramayacaq Ermənistanı təhlükəli məqsədlər üçün dəstəkləməkdənsə, Azərbaycanla əməkdaşlığa üstünlük verməlidirlər.

Mənbə: Azərbaycan 

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada baş verənlər “xüsusi əməliyyat” deyil, müharibədir

Bugün TV

Co Bayden prezident olmaq üçün namizədliyini irəli sürdüyünü açıqladı

Nigar Məmmədova

Macarıstana və Slovakiyaya qaz təchizatına başlanılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu