Alimlər Xəzər dənizinin səviyyəsinin son onilliklərdə sürətlə aşağı düşdüyünü və bunun region üçün ciddi ekoloji və iqtisadi risklər yaratdığını açıqlayıblar.
1993–2025-ci illəri əhatə edən peyk məlumatlarının təhlili göstərir ki, 2025-ci ildə Xəzər dənizinin səviyyəsi -29,4 metrə enərək tarixi minimum göstəricilərdən də aşağı düşüb. Araşdırmaya əsasən, son 30 ildə dənizin səth sahəsi 28 min 644 kvadrat kilometr azalıb. Bu isə əvvəlki göstərici ilə müqayisədə təxminən 7,4 faiz azalma deməkdir.
Mütəxəssislərin sözlərinə görə, Xəzərin itirdiyi ərazi təxminən Albaniya dövlətinin sahəsinə bərabərdir. Dəniz səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişikliyi, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və çaylardan daxil olan suyun azalması hesab olunur.
Alimlər həmçinin xəbərdarlıq edirlər ki, Xəzər dənizinin dayazlaşması balıqçılığa, limanların fəaliyyətinə, gəmiçiliyə, biomüxtəlifliyə və sahilboyu yaşayış məntəqələrinə ciddi təsir göstərə bilər. Xüsusilə şimal hissədə yeni quru sahələrinin yaranması ekosistemdə mühüm dəyişikliklərə səbəb olur.
Ekspertlər hesab edirlər ki, Xəzərin gələcək taleyi ilə bağlı regional əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliklərinə uyğun tədbirlərin görülməsi vacibdir.
Mənbə: mail.ru

