2026-cı ilin aprel ayında keçirilən “Yeni Delta 2026” dəniz ekspedisiyası Xəzər dənizinin şimal hissəsində araşdırmalar aparıb. Tədqiqatların nəticələri sahil xəttində ciddi dəyişikliklərin baş verdiyini göstərib.
Ekspedisiya Şirşov adına Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutu və Həştərxan Biosfer Qoruğu tərəfindən, Xəzər flotiliyasının Hidroqrafiya Xidmətinin iştirakı ilə təşkil olunub. Araşdırmalar Volqa-Xəzər dəniz gəmiçilik kanalında və Xəzərin şimal hissəsində aparılıb.
Alimlər sahil xəttinin necə dəyişdiyini izləyiblər. Məlum olub ki, bəzi adaların sahəsi böyüyür. Məsələn, Çistıye Banki adasının sahəsi 2019-cu ildən bəri iki dəfə artıb. Bu isə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və şərq, qərb, cənub istiqamətlərində dayazlaşmanın artması ilə əlaqələndirilir.
Digər nümunə isə Tbilisi bankının yerində yaranmış adadır. Son bir ildə həmin ada üç dəfə genişlənib.
Şimali Xəzərdə mütəxəssislər axınların sürətini və istiqamətini ölçüb, həmçinin xüsusi avadanlıqlar – yan görünüşlü hidro-lokatorlar və çoxşüalı exolot vasitəsilə dəniz dibinin landşaftını araşdırıblar.
Tədqiqat nəticələrinə görə, su kütlələri cənub-qərb və şimal-şərq istiqamətində hərəkət edir. Alimlər bunu şimal hissəyə çay sularının daxil olması və yaz aylarında hava şəraitinin təsiri ilə izah edirlər.
Ekspedisiya iştirakçıları laborator analiz üçün su nümunələri də götürüblər. Analizlər suyun tərkibində asılı hissəciklərin və biogen maddələrin miqdarını müəyyən etməyə imkan verəcək.
Araşdırmalar bir daha təsdiqləyib ki, Xəzər dənizinin səviyyəsi enməkdə davam edir.
Ekspedisiyanın rəhbəri, İvan Yermakov bildirib: “Hazırda aydın olan bir məsələ var — dənizin səviyyəsi enməkdə davam edir”.
Mənbə: mail.ru
