Yaponiya Yaxın Şərqdə atəşkəs əldə olunacağı təqdirdə Hörmüz boğazı ərazisində mina təmizləmə əməliyyatlarına hərbçilər göndərə bilər.
Məlumata əsasən, Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu yerli televiziya kanalına müsahibəsində bildirib ki, bu addım yalnız bölgədə tam sabitlik və atəşkəs təmin olunarsa mümkün ola bilər.
Nazir qeyd edib ki, Yaponiya bu sahədə qabaqcıl texnologiyalara malikdir və zərurət yaranarsa, ölkənin Özünümüdafiə Qüvvələri mina təmizləmə əməliyyatlarında iştirak edə bilər. Bununla belə, o vurğulayıb ki, hazırda bu məsələ yalnız ehtimal xarakteri daşıyır.
Motegi həmçinin bildirib ki, Yaponiyanın baş naziri Takaiçi Sanae ABŞ Prezidenti Donald Trump ilə görüş zamanı bölgəyə mümkün hərbi göndərişlə bağlı ölkə daxilində mövcud hüquqi məhdudiyyətləri izah edib, lakin konkret öhdəlik götürülməyib.
Ekspertlər qeyd edir ki, Yaponiyanın enerji təhlükəsizliyi böyük ölçüdə Yaxın Şərqdən asılıdır. Ölkənin neft istehlakının təxminən 90 faizi bu regiondan təmin olunur. Buna görə də Hörmüz boğazında təhlükəsizliyin qorunması Tokio üçün strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, Yaponiyanın hazırda yüz milyonlarla barel həcmində strateji neft ehtiyatı mövcuddur ki, bu da ölkənin bir neçə ay ərzində daxili tələbatını qarşılamağa imkan verir.
Mənbə: Ensonhaber
