“Qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalara və hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddi nəticələrə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb”.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı DİN-nin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Facebook səhifəsində paylaşıb.
Əlavə olaraq o vurğulayıb ki, aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb:
“Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların həyat və sağlamlığını təhlükəyə atan halların qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir” deyə N. Əliyev bildirib.