Bugun.tv xəbər verir ki, Yunanıstanda hüquq-mühafizə orqanları Kolumbiyanın paytaxtı Boqotadan gətirilən qızılgül bağlamalarının içərisində ölkəyə 84 kiloqram kokain keçirildiyi iddia edilən cinayət şəbəkəsini ifşa edib.
Məlumata görə, şəbəkə səkkiz ay ərzində yeddi ayrı daşınma həyata keçirib. Göndərişlərin birbaşa Yunanıstana çatdırılaraq diqqət çəkməməsi üçün güllər əvvəlcə Kanadaya göndərilib. Daha sonra yeni daşınma sənədləri hazırlanaraq bağlamaların alıcısı kimi Attika bölgəsinin Artemida şəhərində, hadisədən qısa müddət əvvəl kirayəyə götürülmüş saxta gül dükanı göstərilib.
Ümumilikdə 80 qutu gül aşkar edilib. Hər 40 güldən ibarət dəstədə 11 gülün kokainlə doldurulduğu müəyyənləşdirilib. Bağlamaların adi güllər təsiri bağışlaması üçün çiçəklərin üst hissələrinin həqiqi, saplarının isə plastikdən hazırlandığı və narkotik vasitə ilə doldurulduğu bildirilib.
Əməliyyat ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Afina ofisindən əldə edilən məlumat əsasında keçirilib. Xüsusi təyinatlı və mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələrinin iştirakı ilə Artemidadakı saxta gül dükanında və Marafon şəhərində kirayəyə götürülmüş villada eyni vaxtda əməliyyat aparılıb.
Əməliyyat zamanı doqquz şübhəlidən yeddisi saxlanılıb. Şübhəlilərin villada narkotik maddələrin saxlanılması və emalı ilə məşğul olduqları müəyyən edilib. Saxlanılan şəxslərdən birinin Albaniya hakimiyyət orqanları tərəfindən qətldə şübhəli bilinərək axtarıldığı da aşkarlanıb. Daha iki şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Əməliyyata “Pislik gülləri” adı verilib.
Mənbə: Trt.haber
