Dünyaya təsir edən iqlim böhranı Yunanıstanda suyun qiymətlərində də özünü göstərib. Təmiz su ehtiyatlarının gündən-günə əhəmiyyəti artarkən, ölkədə istehlak miqdarından asılı olaraq su qiymətlərində mərhələli artım olacağı açıqlanıb. Yunanıstanın Ətraf Mühit və Enerji naziri Teodoros Skilakakis keçirdiyi mətbuat konfransında iqlim böhranının su ehtiyatlarına mənfi təsirlərinə diqqət çəkib və hökumətin bununla bağlı həyata keçirəcəyi tədbirləri açıqlayıb. Yeni tədbirlər çərçivəsində suyun qiymətlərinin artırılacağı bildirilib.
Skilakakis, xüsusilə Egeyin cənubunda, Mora yarımadasında, Krit adasının bəzi bölgələrində və su ehtiyatlarını Mərkəzi Yunanıstandan alan paytaxt Afina və ətraflarında susuzluğun ciddi həddə çatdığını ifadə edib.
Ətraf Mühit Naziri, görüləcək tədbirlər çərçivəsində Afina da daxil olmaqla bölgədə su və kanalizasiya xidmətlərindən məsul olan EYDAP-ın səlahiyyətlərinin genişləndiriləcəyini açıqlayıb. Oxşar tədbir Salonikidə fəaliyyət göstərən EYDATH-a da şamil olunacaq.
Bundan əlavə, Skilakakis ölkədə su istehlakının miqdarından asılı olaraq su ödənişlərində artım olacağını ifadə edərək, qiymətlərin tədricən artacağını açıqlayıb.
Skilakakis susuzluqla mübarizə üçün hərtərəfli fəaliyyət planına ehtiyac olduğunu vurğulayaraq əlavə edib ki, dəniz suyunun təmizlənməsi və sistern sistemlərindən istifadə layihələri də nəzərdən keçiriləcək.
Mənbə: TGRT