Yunanıstanın Kalamos adasında əhalinin azalması məktəblərin fəaliyyətinə də təsir göstərib. Adadakı ibtidai məktəbdə hazırda cəmi iki şagird təhsil alır və onların gələn il orta məktəbə keçməsindən sonra məktəbin bağlanacağı bildirilir.
Bugun.Tv xəbər verir ki, Associated Press-in (AP) yaydığı xəbərə görə, Kalamos adasının ilboyu əhalisi təxminən 80 nəfərdir. Halbuki 10 il əvvəl adada məktəblərdə və uşaq bağçalarında 40 uşaq olub. Hazırda ibtidai məktəbdə yalnız iki şagird qalıb.
Şagirdlər gələn il Yunanıstanın materik hissəsində orta məktəbdə təhsil alacaqlar. Bundan sonra adanın fəaliyyət göstərən son məktəbinin də bağlanması gözlənilir. Adadakı uşaq bağçası isə şagird çatışmazlığı səbəbindən artıq üç ildir fəaliyyət göstərmir.

Məlumata görə, Yunanıstanda şagird sayının azalması nəticəsində bu il 75 məktəb bağlanıb, 400-dən çox məktəbdə isə dərslər dayandırılıb və ya fəaliyyətin dayandırılması müddəti uzadılıb. Mütəxəssislər vəziyyəti Avropada doğum səviyyəsinin azalması və gənclərin kiçik yaşayış məntəqələrindən köçməsi ilə əlaqələndirirlər.
AP-nin məlumatına əsasən, Kalamosda məktəbin fəaliyyətini davam etdirməsi üçün cəmi iki ailənin adaya köçməsi kifayət edərdi.
Mənbə: AP News
