Bugun.tv xəbər verir ki, alqı-satqı məsələlərində sıx yaşanan problemlərdən biri də zəmanət talonu ilə bağlıdır. Bir qayda olaraq, razılaşma əsasında satıcı tərəfindən istehlakçıya talon təqdim edilir. Şərtlərə əsasən, məhsulla bağlı problem yarandıqda ödənişsiz şəkildə təmir edilir, yaxud ödənilən məbləğ geri qaytarılır. Bu cür hallarda isə alıcı və satıcı arasında ciddi narazılıqlar yaşanır.
Vəkil Rəşad Əliyev deyir ki, “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” qanunun 7-ci maddəsinə əsasən, qüsurlu mal alanistehlakçının hüquqları burada ətraflı şəkildə qeyd olunub. “Alıcı həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsi, (əgər malda qüsur varsa) həmin qüsurun satıcının və ya istehlakçının hesabına təmir edilməsi və ya aradan qaldırılması, həmçinin müqavilənin ləğv olunması kimi hüquqları nəzərdə tutulub. Əgər zəmanət talonunda malın hansı hallarda istehsalçı və ya satıcı tərəfindən təmir olunması, həmin qüsurun aradan qaldırılması müəyyən edilibsə, istehlakçının bu problemi həll etməsi onun borcudur. Qanunvericilikdə nəzərdə tutulmuş müddət, yəni göstərilən14 gün müddəti yoxdursa, o zaman tərəflərin razılaşması əsasında qüsur aradan qaldırılmalıdır”.
Satıcı qeyd-şərtsiz istehlakçıdan lazımi keyfiyyətdə olmayan malı geri götürməyə və onun tələblərini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi həmin məhsulun eynisi olduqda dərhal yerinə yetirilməli, əks halda ərizənin verildiyi vaxtdan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.
“Əgər əsassız olaraq alıcıya imtina verilərsə, bu halda müvafiq olaraq istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinə və ya müqavilə şərtlərinin pozulmasına görə məhkəməyə müraciət etmək olar”,- vəkil R.Əliyev əlavə edib.
Müxbir: Qaytən Qasımzadə