Zəncəfil adətən soyuqdəymə mövsümündə təbii köməkçi kimi tanınsa da, onun sağlamlığa təsiri bununla məhdudlaşmır. Mütəxəssislər bildirir ki, faydalı xüsusiyyətləri ilə yanaşı, zəncəfilin bəzi hallarda ehtiyatla istifadə olunması vacibdir.
Zəncəfil tropik və subtropik bölgələrdə yetişən bitkidir və əsas dəyəri nadir hallarda meyvə verən hissəsi deyil, kök hissəsidir. Zəncəfil kökündə B qrupu vitaminləri, C vitamini, minerallar, antiseptik maddələr və ona kəskin dad verən bioloji aktiv maddə — gingerol mövcuddur. Məhz bu maddə zəncəfilin iltihabəleyhinə təsirini təmin edir.
Mütəxəssislərə görə, zəncəfil orqanizmdə iltihabi prosesləri azalda, oynaq və artrit ağrılarını, həmçinin menstrual spazmları yüngülləşdirə bilər. Soyuqdəymə zamanı immun sistemini gücləndirir, bəlğəmgətirici və tərədici təsiri ilə toksinlərin xaric olunmasına kömək edir. Bundan əlavə, zəncəfil həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, xolesterinin və arterial təzyiqin azalmasına dəstək olur, trombların yaranma riskini azaldır.
Həkimlərin sözlərinə görə, zəncəfil qadınlarda aybaşı dövründə ağrıkəsici təsir göstərə, hamiləliyin erkən mərhələsində toksikoz zamanı ürəkbulanmanı azalda bilər.
“Gazeta.ru”ya danışan terapevt Sergey İskovskinin sözlərinə görə, zəncəfil həkimlə məsləhətləşdikdən sonra hamiləliyin ilk yarısında istifadə oluna bilər. Kişilərdə isə zəncəfil qan dövranını gücləndirir, testosteron səviyyəsinin artmasına və reproduktiv sağlamlığın yaxşılaşmasına müsbət təsir göstərir.
Bununla yanaşı, mütəxəssislər zəncəfilin həddindən artıq istifadəsinin mədə yanması, selikli qişanın qıcıqlanması və ishala səbəb ola biləcəyini bildirirlər.
Zəncəfil qan durulaşdırıcı dərman qəbul edənlər, əməliyyat öncəsi dövrdə olanlar və hamiləliyin son mərhələsində olan qadınlar üçün məhdudlaşdırılmalıdır.
Mənbə: mail.ru
