Məlumdur ki, Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı kifayət qədərdir. 6 Fevral tarixində baş verən dəhşətli zəlzələ hadisəsi ölkənin tikinti materiallarına olan tələbatını olduqca yüksəldib. Bu isə xaricə məhsul satışının bahalaşmasına səbəb ola bilər. Bəs, tikinti bazarında Türkiyədən gətirilən inşaat məhsulları bahalaşa bilərmi?
Ölkəmizə idxal olunan məhsulların əksəriyyəti Türkiyədən gətirilən malların payına düşür. Bunlar arasında tikinti bazarında istifadə olunan inşaat materialları kifayət qədərdir. Türkiyədə baş verən dəhşətli zəlzələ qardaş ölkədə sürətli yenidənqurma tikinti işlərinə tələbatı artırıb. Ekspertlər bildirir ki, bu vəziyyət xaricə məhsul satışının bahalaşmasına imkan yarada bilər.
Mövzu ilə bağlı Bugun.tv-yə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, hazırda qiymətlər stabildir. Türkiyə özü də əsasən Rusiya, Ukrayna, İran və bir sıra ölkələrdən tikinti materialları idxal etməkdədir. Hesab edirəm ki, bu gələcək də bir sıra məhsulların ölkəmizə gətirilməsində məhdudiyyətlər ola bilər.
İdxal olunan materialların əsasını santexnika məmulatları, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı və sair bu kimi məhsullar təşkil edir.
Ekspertin sözlərinə görə, ən çox qiymət artımı plastik materiallarda ola bilər. Çünki qapı- pəncərə istehsalı olan əsas materiallar Türkiyədən gətirilir. Hazırda qiymətlərdə bir dəyişiklik yoxdur. Növbəti aylarda yəqin ki, bunu hiss etməyə başlıyacağıq. Həmin ölkə məhsullarının qiymət artımı bizim bazarda da özünü göstərə bilər.
Əmlak Məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, hər il tikinti bazarında bahalaşma mart ayından etibarən hiss olunur. Buna səbəb isə tikinti sezonunun başlamasıdır.