Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Moskva ilə bağlı addımlarını tənqid edərək alyansın müharibəyə can atdığını iddia edib. O, Rusiyanın NATO üzvü olan ölkələrə hücum etmək niyyətində olmadığını və digər dövlətlərlə sülh şəraitində yaşamaq istədiyini bildirib.
Bugun.tv xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Mariya Zaxarova noyabrın 20-də Moskvada keçirdiyi həftəlik mətbuat konfransında aktual məsələlərə münasibət bildirib. O, NATO-nun davranışlarını tənqid edərək alyans daxilində strategiya hazırlayanların müharibə arzuladığını irəli sürüb.
Avropa İttifaqına da iradlar səsləndirib
Zaxarova Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda Avropa ölkələrinin iştirakına da münasibət bildirib. Onun fikrincə, Avropa rəsmilərinin açıqlamaları və addımları onların danışıqlar prosesinə hazır olmadığını göstərir.
Rusiya XİN sözçüsü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası da Rusiyaya qarşı mövqe nümayiş etdirməkdə ittiham edib. O, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməsinə cavab veriləcəyini bildirib.
Zaxarova Estoniyanın dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarını “Dəmir pərdə” dövrü ilə müqayisə edib və buna siyasi-diplomatik tədbirlərlə cavab veriləcəyini söyləyib.
O, həmçinin Moldovanın Rusiyanı pilotsuz uçuş aparatları ilə hava məkanını pozmaqda ittiham etməsinə dair Moskva tərəfinə heç bir sübut təqdim edilmədiyini iddia edib. ABŞ-ın nüvə potensialını inkişaf etdirmək istiqamətindəki addımlarını da izlədiklərini vurğulayıb.
Mənbə: TRT Haber
