Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın istefa verməyə hazırlaşan baş naziri Kir Starmeri Kiyevdə qəbul edib və onu Ukraynanın ən yüksək dövlət təltiflərindən biri olan “Azadlıq” ordeni ilə mükafatlandırıb.
Zelenski bildirib ki, Starmerin bu səfəri onun Böyük Britaniyanın baş naziri kimi Ukraynaya son xarici səfəri olub. Tərəflər görüş zamanı Rusiya-Ukrayna müharibəsində həlak olan ukraynalı hərbçilərin xatirəsini ehtiramla yad ediblər.
Ukrayna lideri Böyük Britaniyanın müharibə dövründə ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, “Kir Starmerə və Böyük Britaniyaya əsgərlərimizə göstərdikləri sarsılmaz hörmətə, Ukraynanı və bütün Avropanı müdafiə edərkən həyatını qurban verənlərin xatirəsinə verdikləri dəyərə görə minnətdaram” deyə vurğulayıb.
Zelenski qeyd edib ki, Ukraynanın müdafiəsi uğrunda mübarizə aparan insanların qəhrəmanlığı heç vaxt unudulmamalıdır. O, Rusiyanın hərbi təcavüzünə qarşı ölkəsini müdafiə edən bütün hərbçilərə və mülki şəxslərə əbədi minnətdarlığını bildirib.
Kir Starmer Böyük Britaniyanın Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyinin davam etdirilməsinin vacibliyini dəfələrlə bəyan edib. Onun Kiyevə son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın növbəti nümayişi kimi qiymətləndirilir.
Mənbə: The Guardian

