Bugun.tv xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində oktyabrın 1-dən 21-dək fələstinli fermerlərə, onların torpaqlarına, zeytun ağaclarına və kənd təsərrüfatı avadanlıqlarına qarşı 409 hücum qeydə alınıb.
Anadolu Agentliyinin məlumatına görə, bu barədə Fələstin Divar və Məskunlaşmaya Müqavimət Komissiyasının hesabatında bildirilib. Sənədə əsasən, hücumların 317-si israilli məskunlaşanların, 92-si isə İsrail ordusunun iştirakı ilə həyata keçirilib.
Ən çox hücum Nablus və Salfitdə qeydə alınıb
Hesabata görə, ən çox hadisə Nablus şəhərində baş verib. Burada 166 hücum qeydə alınıb. Salfitdə 91, Ramallah və əl-Birə bölgəsində 69, Cənində 36, Hebronda 30, Qalqilyada 9, Beytləhmdə 5, Qüdsdə isə 3 hadisə qeydə alınıb.
Məlumatda fermerlərin əkin sahələrinə girişinin məhdudlaşdırıldığı, zeytun məhsullarının oğurlandığı, ağacların kəsildiyi və kənd təsərrüfatı avadanlıqlarına zərər vurulduğu bildirilir. Hücumların bir hissəsinin birbaşa fermerləri hədəf aldığı, bəzi hallarda isə saxlanılma, fiziki zorakılıq və gözyaşardıcı qazdan istifadə hallarının baş verdiyi qeyd olunur.
Fermerlərin təhlükəsizliyi ilə bağlı çağırış
Komissiya fələstinli fermerlərin torpaqlarına maneəsiz çıxışının təmin edilməsinə, məhsullarını təhlükəsiz toplamasına və daşınmasına şərait yaradılmasına çağırıb. Hesabatda zorakılığın və məhsul oğurluğunun davam etməsinin kənd təsərrüfatı ilə dolanan ailələrə iqtisadi zərər vurduğu vurğulanıb.
Mənbə: Anadolu Agentliyi
