Bugun.tv xəbər verir ki, sabah Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində azı 20 dövlət başçısı və 45 nazir iştirak edəcək.
Məlumata əsasən Azərbaycan Prezidenti İlham Əliyevin, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin, NATO-nun baş katibi Yens Stoltenberg həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanında iştirakı gözlənilir.
Qeyd olunub ki, mərasimdə Rusiyanı Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təmsil edəcək.
Mənbənin məlumatına görə, Türkiyə liderinin şənbə gününə planlaşdırılan uzun proqramı var ki, bu proqramda Türkiyə Cümhuriyyətinin qurucusu Kamal Atatürkün məqbərəsini ziyarət etmək, and içmək, eləcə də yeni Nazirlər Kabinetinin tərkibini elan etmək daxildir.
Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. Seçkilərin nəticələrinə əsasən, Ərdoğan 52,18 faiz, rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səslə yenidən dövlət başçısı seçilib.
Mənbə: TASS