Üz üçün serumların effektivliyi yalnız tərkibindən deyil, həm də düzgün istifadə qaydasından asılıdır. Mütəxəssislər bildirir ki, hətta ən güclü aktiv komponentlər belə yanlış tətbiq edildikdə istənilən nəticəni verməyə bilər.
Qeyd olunur ki, serumlar yüksək konsentrasiyalı aktiv maddələrə malik olduğu üçün konkret dəri problemlərinə yönəlib. Lakin məhsul seçərkən əsas meyar trend yox, dərinin real ehtiyacları olmalıdır.
Mütəxəssislərin sözlərinə görə, quru dəri üçün hialuron turşusu və peptidlər, yağlı və problemli dəri üçün isə niasinamid və salisil turşusu tərkibli serumlar daha uyğun hesab edilir. Həssas dəri üçün sadə və sakitləşdirici tərkibli məhsullar tövsiyə olunur.
Serumun tətbiqində əsas qayda onun kremdən əvvəl istifadə olunmasıdır. Çünki dəriyə qulluq vasitələri yüngül teksturadan daha ağır teksturaya doğru tətbiq edilməlidir. Əks halda krem serumun dəriyə nüfuz etməsinə mane ola bilər.
Düzgün tətbiq üçün ilk olaraq dəri təmizlənməli, daha sonra 2–4 damcı serum götürülərək yumşaq hərəkətlərlə dəriyə yayılmalıdır. Məhsulu çox istifadə etmək effektini artırmır, əksinə, dəriyə zərər verə bilər.
Serum tətbiq edildikdən sonra mütləq krem istifadə olunmalıdır. Bu, həm nəmin qorunmasına kömək edir, həm də aktiv maddələrin təsirini balanslaşdırır. Səhər rutinində isə günəşdən qoruyucu krem əlavə etmək vacibdir.
Ekspertlər xəbərdarlıq edir ki, bir neçə aktiv maddəni eyni anda istifadə etmək, uyğun olmayan komponentləri qarışdırmaq və ya məhsulu düzgün saxlamamaq serumun təsirini azalda bilər. Xüsusilə C vitamini tərkibli serumların işıq və istidən uzaq saxlanılması tövsiyə olunur.
Mənbə: mail.ru
