İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk illərində səhnəyə həvəskar aktyorlar çıxsa da, daha sonra sənət ocağı öz sənətkarları ilə tanınıb.
İrəvan teatrı hər zaman erməni basqısı altında olub. 1930-1931-ci illərdə məcburən bağladılıb. 1967-ci ildə ümumilli lider Heydər Əliyevin məsələni dəflərlə gündəmə gətirir. İrəvan teatrını yenidən açılmasına nail olur. Həmin illərdə İncəsənət Universitetinin son kursunun tələbələri ora göndərilir. Ancaq basqılar davam edir. Teatr heyətinin qarşısına belə bir şərt qoyulur – İrəvan teatrı plan verməlidir. O dövürdə bu teatrda çalışanlar deyir ki, ermənilər planı hər il artırıblar ki, teatr bir gün “mən bunu yerinə yetirə bilmirəm” desin.
Aktrisa Səmayə İsmayılovanın yaradıcılığı da bu teatrla bağlıdır. “1971-ci ildə gəldim İrəvan teatrında fəaliyyətə başladım. Teatrda həm tamaşalarda iştirak etdim, həm də konsert proqramları hazırlandı ki, teatrın büdcəsi olsun. Aktyorlar yaşasın. Mən orada çalışan bütün aktyorları sənət fədailəri hesab edirəm. 360 günün 300 günü təkər üstündə idik. Bütün ömrümüz rayonlarda, qastrollarda keçirdi. Uşaqlarımız aktyorların paltarlarının arasında yatırdılar. Ermənilərin gülləsi altında. Tamaşa qurtarırdı, çıxanda hərəsi bir avtomatla üstümüzə gəlirdilər”.
Aktrisa Səmayə İsmayılovanın oğlu, müğənni Arif Nəbiyev anasının söylədiklərini yaxşı xatırladığını deyir. “Anamın dedikləri yadıma düşür. Doğrudan da, teatrda, kulis arxasında böyümək insana maraqlı gəlirdi. Müharibə dövrü başlayana qədər… Yadımdadı ki, son günlər vəziyyət daha da gərginləşmişdi. Erməni kəndinə gedəndə orada valideynlərimiz bizi dekorasiyanın, teatrın pərdələrinin arxasında gizlətdilər ki, birdən nəsə olar, özlərini qabağa versinlər”.
Sənətkarların çarpışmalarına baxmayaraq, yurd-yuvalarından didərgin salınan azərbaycanlı teatr xadimləri 1989-cu ildən fəaliyyətlərini Bakıda davam etdirməyə başlayırlar. 1994-cü ildə isə İrəvan Dövlət Azərbaycan Dram Teatrına dövlət statusu verilir.
Bu gün Səmayə İsmayılova doğma torpağına, teatrına qovuşmaq arzusundadır. “O dövrdə Krasnoselo rayonunun Əmirxeyir kəndi var idi. Dağlıq idi. Döngələrlə qalxırdıq. 1987-ci il idi. İçimdən bir hüznlü mahnını ifa etmək gəldi. Oxudum. “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”. Bu gün deyirəm ki, ey dumanlı dağlar, gəlirik, üzə sizə tərəf. Qərbi Azərbaycana qayıdış siyasəti bizi daha da fərəhləndirib, birliyimizi daha da möhkəmlədib ki, prezidentimizin yanında olaq”,- aktrisa vurğulayıb.