Bugun.tv xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda tələbə hərəkatının təşkil etdiyi mitinqə təxminən 150 min nəfər qatılıb. “The Guardian”ın məlumatına görə, oktyabrın 22-də keçirilən aksiya oktyabrın 25-də baş tutacaq növbədənkənar parlament seçkiləri ərəfəsində təşkil olunub.
Mitinq iştirakçıları “Tələbələr qalib gəlir” şüarları səsləndirib, bayraqlar qaldıraraq şəhərin mərkəzindəki Slavija meydanına toplaşıblar. Aksiyaçıların məqsədi Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyasının 2012-ci ildən davam edən hakimiyyətinə son qoymaqdır. Mitinqdə səsləndirilən əsas tələblərdən biri korrupsiyaya qarşı mübarizə olub.
Etirazların səbəbi nədir?
Tələbə hərəkatının etirazları 2024-cü ilin noyabrında Novi Sad şəhərindəki dəmiryol vağzalında yenilənmiş tikilinin üst örtüyünün uçması və 16 nəfərin həlak olması ilə nəticələnən faciədən sonra başlayıb. Hadisə ölkədə korrupsiya ilə bağlı narazılığı artırıb. Tələbələr şəffaf araşdırma və məsul şəxslərin cavab verməsini tələb edərək sonradan növbədənkənar seçkilərin keçirilməsi çağırışı ilə çıxış ediblər.
Mitinqi izləyən müstəqil qurumun hesablamasına əsasən, aksiyada təxminən 150 min nəfər iştirak edib.
Seçki ərəfəsində gərginlik
Vətəndaş cəmiyyəti təşkilatları seçki kampaniyası zamanı hədələmə, həbslər və dövlət resurslarından sui-istifadə halları ilə bağlı narahatlıqlarını bildiriblər. Aleksandar Vuçiç isə tələbə hərəkatını xaricdən maliyyələşdirilən dövlət çevrilişi cəhdində ittiham edib. Hərəkat bu seçkidə korrupsiyaya qarşı mübarizə və siyasi dəyişiklik çağırışları ilə çıxış edir.
Serbiyada parlament seçkilərinin nəticələrinin ölkənin siyasi gələcəyinə təsir göstərəcəyi gözlənilir.
Mənbə: The Guardian
