Bugun.tv xəbər verir ki, Misirin İslam İşləri üzrə Ali Şurasının Xarici Əlaqələr Mərkəzi tərəfindən beynəlxalq münasibətlərə həsr olunmuş seminar keçirilib. Tədbirdə Misir–Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov məruzə ilə çıxış edib.
Alim beynəlxalq münasibətlərin əsas xüsusiyyətlərindən, dövlətlər və xalqlar arasında qarşılıqlı əlaqələrin inkişafından danışıb. O vurğulayıb ki, dialoq, qarşılıqlı anlaşma və birgə əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasında siyasi və mədəni amillərin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Seymur Nəsirov beynəlxalq məsələlərə dair biliklərin artırılmasının, dövlətlərarası münasibətlərin mahiyyətinin daha dərindən öyrənilməsinin və regional problemlərin müxtəlif aspektlərinin hərtərəfli araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə biliklərin genişləndirilməsi qlobal hadisələrə daha şüurlu və obyektiv yanaşmağa imkan yaradır.
Tədqiqatçı-alim mədəni ünsiyyətin cəmiyyətlər arasında anlaşmanın gücləndirilməsində, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını da diqqətə çatdırıb.

Seminarda Xarici Əlaqələr Mərkəzinin rəhbəri doktor Cəlal Ğanim, İslam Əlaqələri üzrə Baş İdarənin direktoru doktor Məhəmməd Əmin Sultan, xaricdəki İslam mərkəzləri üzrə Baş İdarənin direktoru doktor Əymən Əbu əl-Fütuh və Mərkəzin əməkdaşları iştirak ediblər.
Məlumata görə, Seymur Nəsirovun çıxışı yerli mediada, eləcə də Misirin Vəqflər Nazirliyinin və İslam İşləri üzrə Ali Şuranın internet səhifələrində dərc olunub.


