“Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib”.
Bugun.tv -yə daxil olan məlumata əsasən, bu barədə xalça muzeyində olan “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmlər doktoru Yazgül Abdiyeva bildirib.
O həmçinin qeyd edib ki, yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib.
Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.