Avstraliyanın Cənubi Avstraliya ştatında aşkar edilmiş çoxayaq növü təxminən 90 il muzeydə adsız qaldıqdan sonra elmi olaraq təsnifləndirilib. Tədqiqatçılar ona Colobothrix Deckeri adını veriblər.
Bugun.tv xəbər verir ki, Earth.com-un məlumatına görə, bu növün ilk nümunəsi 1936-cı ilin aprelində entomoloq Herbert Womersley tərəfindən York yarımadasında toplanıb və Cənubi Avstraliya Muzeyində müəyyən edilməmiş nümunə kimi saxlanılıb.
2015-ci ildə alman tədqiqatçı Peter Decker muzey materiallarını araşdırarkən həmin nümunənin rütubətli mühitə uyğunlaşmış Dalodesmidae fəsiləsinə aid olduğunu müəyyən edib. Daha sonra çoxayaq üzrə mütəxəssis Robert Mesibov nümunəni ətraflı araşdıraraq yeni cins və növ kimi təsvir edib. Növün adı Deckerin şərəfinə seçilib.
Yeni nümunələr Kenquru adasında aşkarlanıb
Tədqiqatçılar sonradan Cənubi Avstraliyanın Kenquru adasının şimal-qərbində toplanmış digər nümunələrin də eyni növə aid olduğunu müəyyənləşdiriblər. Maraqlıdır ki, bu fəsilənin nümayəndələri indiyədək əsasən Avstraliyanın daha rütubətli şərq və cənub-qərb ərazilərində qeydə alınmışdı.
Araşdırma nadir canlıların muzey kolleksiyalarında uzun müddət saxlanılan nümunələrinin belə yeni elmi kəşflərə yol aça biləcəyini göstərir.
Mənbə: Earth.com
