Xorvatiya sahillərində aşkar edilmiş təxminən 2200 illik Roma gəmisinin qalıqları qədim dənizçilərin gəmiləri sudan qorumaq üçün istifadə etdikləri üsullar barədə yeni məlumatlar ortaya çıxarıb. Alimlər gəminin örtük materialında şam qatranı, arı mumu və minilliklər boyu qorunmuş mikroskopik bitki tozcuqları aşkar ediblər.
Bugun.tv xəbər verir ki, “Ilovik-Paržine 1” adlandırılan gəmi 2016-cı ildə Xorvatiyanın Adriatik dənizi sahillərində aşkarlanıb. Fransalı və xorvatiyalı mütəxəssislər onun qoruyucu örtüyündən götürülmüş 10 nümunəni tədqiq ediblər. Təhlillərə görə, örtüyün əsas hissəsi qızdırılmış iynəyarpaqlı ağac qatranından hazırlanıb. Nümunələrdən birində isə qatranla arı mumunun qarışığı müəyyən edilib. Qədim yunan gəmiqayırma ənənəsində bu qarışıq “zopissa” adlandırılırdı. O, örtüyü daha elastik edir və isti halda taxta səthə çəkilməsini asanlaşdırırdı.
Tozcuqlar gəminin keçdiyi yolları üzə çıxarıb
Alimlərin diqqətini çəkən əsas tapıntılardan biri qatranın içində qorunmuş bitki tozcuqları olub. Onların təhlili gəminin istismar müddətində dörd-beş dəfə müxtəlif qoruyucu örtük partiyası ilə təmir edildiyini göstərib.
Mütəxəssislər eyni zamanda, bəzi təmir işlərinin İtaliyanın Brindizi limanı yaxınlığında, digərlərinin isə Adriatik dənizinin şimal-şərq sahillərində aparılmış ola biləcəyini də ehtimal edirlər.
Tədqiqat qədim gəmiçilikdə istifadə olunan texnologiyaların və Aralıq dənizi regionunda dəniz ticarətinin tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Mənbə: ScienceDaily
