Bu gün Azərbaycanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr zamanı erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib.
Tarixi faktlara əsasən, bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Qırğınlar zamanı qadınlar, uşaqlar və qocalar amansız şəkildə öldürülmüş, dini və mədəni abidələr dağıdılmışdır.
Müstəqillik illərindən sonra bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanan Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və bu hadisələrin araşdırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanılıb.
Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlar, o cümlədən 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı sənəd bu faciənin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün ölkənin müxtəlif bölgələrində keçirilən anım tədbirlərində soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunur.
Azərbaycan xalqı bu faciəni heç vaxt unutmur və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasını özünün mənəvi borcu hesab edir.
