Bugun.Tv xəbər verir ki, Böyük Britaniyanın Birmingem şəhərində yaşayan iki təqaüdçü idman zalında tanış olduqdan sonra yeni münasibətə başlayıb. Hər ikisi əvvəlki həyat yoldaşlarını itirmiş Barbara Tompson və Fred Cenkins 88 yaşlarında yenidən sevgi tapacaqlarını gözləmədiklərini bildiriblər.
“Good News Network” nəşrinin məlumatına görə, Barbara idman zalına rəfiqəsinin dəvəti ilə getməyə başlayıb. Onunla məşqlərdə tanış olan, keçmiş hərbi fiziki hazırlıq təlimatçısı Fred bir müddət sonra ona məşqlərdə kömək edib. Rəfiqəsi idman zalına gəlməyi dayandırsa da, Barbara həftənin müəyyən günlərində məşqlərə davam edib. Beləcə, onların dostluğu daha yaxın münasibətə çevrilib.
Hazırda Barbara 89, Fred isə 88 yaşındadır. Cütlük həftədə üç dəfə idman zalına gedir, domino və dart oynayır, bağçılıqla məşğul olur, musiqi səslənəndə rəqs edir. Onlar birlikdə ilk tətil səfərlərinə də çıxıblar.
Bununla belə, cütlük evlənmək və ya eyni evdə yaşamaq fikrində deyil. Onlar hərəsinin öz yaşayış yerini qorumaqla birlikdə vaxt keçirməyə üstünlük verirlər.
Mənbə: Good News Network
